close
close
06-02-2020

Torpağın düzgün becərilməsi

Əkinçilik sistemində torpağın düzgün becərilməsi vacib məsələlərdəndir. Becərmə torpağın su, hava, istilik və qida rejimlərinin planlı şəkildə dəyişdirilməsinə və mədəni bitkilər üçün ən yaxı şərait yaratmağa istiqamətlənmiş prosesdir.
Bitkilər lazımi qida maddələri, su və hava ilə təmin olunmuş torpaqlarda daha yaxşı inkişaf edirlər.

Əkin sahələrindən səmərəli istifadə və yüksək məhsul alınması üçün ilk növbədə torpaq becəmə üsullarına diqqət yetirmək lazımdır.

Hər hansı bir tədbirin yerinə yetirilməsində müəyyən nöqsanlara yol verildikdə və ya iş keyfiyyətsiz aparıldıqda məhsuldarlığın və ümumilikdə sahədən əldə olunan gəlirin azalması, maya dəyərinin artması ilə nəticələnir.
Becərmə işləri hər bir bölgənin torpaq-iqlim şəraitinə, əkiləcək bitkilərin bioloji xüsusiyyətlərinə və digər göstəricilər nəzərə alınaraq əvvəlcədən düzgün hazırlanmış plana uyğun yerinə yetirilməlidir.

Düzgün və vaxtında aparılan becərmə torpaqdakı mikroorqanizmlərin həyat fəaliyyəti üçün ən yaxşı şərait yaradır. Bununla əlaqədar olaraq bitki qalıqlarının və çürüntünün torpaqda parçalanma prosesi güclənir. Bitki qalıqlarının və çürüntünün parçalanması nəticəsində onların tərkibindəki qida maddələri tədricən mineral birləşmələrə çevrilir və bitkilər tərəfindən asanlıqla mənimsənilir.
Torpağın yaxşı becərilməsi mədəni bitkilərin kök sisteminin torpağa işləməsini asanlaşdırır. Torpağın su saxlama və sukeçirmə xassələrini artırır.

Bir-biri ilə əlaqəli olan ayrı-ayrı becərmə üsulları kompleks şəkildə, nəzərdə tutulmuş müddətdə və ardıcıl surətdə həyata keçirildikdə mövcud torpaq-iqlim şəraitində torpağın münbitliyinin artmasına imkan verir.