Qarğıdalı sahələrini ziyanvericilərdən necə xilas etmək olar?
Ölkəmizdə qarğıdalı bitkisinin yetişdirilməsi həm gəlirli, həm də bazar baxımından perspektivli sahədir. Bu bitki böyük aqronomik və ekoloji əhəmiyyətə malikdir. Texnoloji imkanlar, müasir hibridlər və təbii şərait bir çox bölgələrdə hektardan dünya göstəriciləri (təxminən 10 t / ha) səviyyəsində məhsuldarlıq əldə etməyə imkan verir.
Qarğıdalı sahələrindən yüksək məhsul əldə olunmasına maneə yaradan səbəblər sırasında ziyanverici həşəratlar da əsas yerlərdən birini tutur.
Qarğıdalı bitkisindən planlaşdırılan məhsulu əldə etmək üçün ziyanvericilərə qarşı mübarizəyə kifayət qədər diqqət yetirməlidir. Ümumdünya kənd təsərrüfatı təşkilatının (FAO) məlumatlarına əsasən, dünya üzrə qarğıdalı məhsulunun təxminən yarıya qədəri məhz ziyanvericilərə görə itirilir.
Qarğıdalı becərilən sahələrdə bu bitki üçün ziyanverici olan 200-dən çox zərərverici həşərat növü məlumdur. Qarğıdalının məhsuldarlığına həm polifaq həm də spesifik ziyanvericilər əhəmiyyətli dərəcədə ziyan vurur. Polifaq: məftil qurdu, çəmən kəpənəyi, qarğıdalı gövdə kəpənəyi, gəmirici və pambıq sovkaları.
Spesifik ziyanvericilər: taxıl böcəyi, İsveç milçəyi, müxtəlif növ taxıl mənənələri və s.
Mütəxəssislərin hazırladığı monitorinq planına əsasən, əkin öncəsindən məhsul yığımına kimi olan bütün vegetasiya dövrü ərzində mütəmadi olaraq sahələrə diqqətli baxış keçirilməlidir.
Tarlalarımızı ziyanvericilərdən qorumaq və gələcəkdə kəmiyyət və keyfiyyət göstəriciləri baxımından yüksək məhsul əldə etmək üçün öncədən həşəratların ziyanvericilik həddini vaxtında müəyyənləşdirmək və müvafiq olaraq kimyəvi vasitələrdən (insektisidlərdən) istifadə etməklə mübarizə işlərini vaxtında aparmaq lazımdır.
Paylaşın