close
close
22-09-2024

Pambıq yığımında defoliantın önəmi

Pambıq məhsulunu yığmaq üçün bitkinin yarpaqlarını qurudub tökmək lazımdır. Bunun üçün defoliasiya əməliyyatı aparılır. Pambıq əkininin sonuncu ən önəmli proseslərindən biridir və defoliasiya zamanı dəqiq hesablanmalıdır. Defoliasiya əməliyyatı zamanı pambıq bitkisinin üzərində ortalama açmış qozaların miqdarı 65-70% olmalıdır. Defoliasiya tətbiq edərkən 24 saat ərzində yağış yağarsa, yenidən əməliyyat təkrarlanmalıdır. Defoliant öz təsirini 14 günə tam göstərir. Defoliant tətbiq edərkən pambıq bitkisi fizioloji yetişkənlik həddinə tam çatmalıdır və bunun üçün də sonuncu suvarmanın zamanını dəqiq hesablamaq lazımdır. 
Pambıq bitkisində daban qozalar açılmağa başlamışsa və torpaqda yetərincə nəmlik varsa bu zaman suvarma etmək məsləhət görülmür, əks halda pambıq bitkisində boylanma olacaq və yetişkənlik müddəti uzanacaq. Defoliant tətbiqi zamanı qoza açdırıcılardan da istifadə edilir. Qoza açdırıcıların tətbiqində məqsəd yığım zamanı mümkün qədər çox miqdarda pambıq kütləsini elə ilk yığımda əldə etmək və mümkünsə 2-ci yığımı etməməkdir. Tətbiqin uğurlu olması üçün yetişmiş qozaların miqdarı 80-85% olmalı və havanın temperaturu 21°C keçməlidir, əks halda tətbiq uğursuz ola bilər. Pambıq bitkisində yetişmiş qozaları təyin etmək üçün pambıq qozasının eninə kəsiyinə baxılmalıdır və liflər gel şəklindədirsə qoza yetişməmişdir. Yetişmiş qozalarda liflər aydın seçilir və çiyidlər (toxumlar) bərk formada olurlar. Defoliantın tətbiqi və tətbiqdən sonrakı zaman məsləhət görülür ki, tələskənlik edilməsin. Həm bitkinin yetişkənliyə çatması, həm də qozaların mümkün qədər çox açıb bitkinin yarpaqlarını tam tökməsi gözlənilsin.