Qarğıdalı bitkisində qovuqlu sürmə xəstəliyi
Qovuqlu sürmə Azərbaycanda qarğıdalının əsas xəstəliklərindən biridir, Şəki-Zaqatala və Quba-Xaçmaz bölgələrində geniş yayılır. Xəstəliyin törədicisi Ustilago zeae Under göbələyidir. Xəstəlik nəticəsində bitkinin bütün yerüstü orqanlarında müxtəlif böyüklükdə qovuqlar əmələ gəlir.
Əvvəlcə xırda şişkin ləkələr şəklində olan bu qovuqlar inkişaf edərək getdikcə böyüyür və irihəcmli qovuqlara çevrilir. Onlar əvvəlcə ağ, sonra bozumtul çəhrayı rəngdə olub, yetişdikcə qaralır və getdikcə tozlanan spor kütləsinə çevrilir. Xəstəliyin gövdə forması daha qorxulu hesab edilir. Bu formada güclü sirayətlənmiş gövdələr əyilir, bəzən də qırılır. Zədələnmiş gövdənin yuxarı hissəsində maddələr mübadiləsi pozulur, böyük həcmdə fırlar əmələ gəlir və bitki get-gedə quruyub tələf olur. Göbələyin teliosporları 23-25°C temperaturda yaxşı cücərir, 15-18°C-də zəifləməyə başlayır, 12°C-də isə sporların cücərməsi dayanır.
Qovuqlu sürmənin törədiciləri bitki daxilində diffuz şəklində yayıla bilmir, onlar ancaq bitkiyə daxil olduğu yerdə olan vegetativ hüceyrələri sirayətləndirir.
Törədicinin inkişafı torpaq nəmliyi ilə sıx bağlıdır. Torpaqda 60% nəmliyin olması göbələyin inkişafı üçün optimal hesab edilir, 40%-dən aşağı və 80%-dən yuxarı nəmlikdə isə patogenin inkişafı zəifləyir.
Mübarizə tədbirləri
Qarğıdalının eyni sahədə fasiləsiz becərilməsi torpaqda bir çox xəstəlik törədicilərinin həddən artıq çoxalıb artmasının təbii səbəbi olur və bu halda aparılan mübarizə tədbirləri də istənilən nəticəni vermir. Odur ki, torpağın xəstəlik törədicilərindən bioloji təmizlənməsi üçün qarğıdalının 2-3 il eyni sahədə əkilməsinə yol verilməməlidir.
Qarğıdalı əkiləcək sahələrin bitki qalıqlarından təmizlənməsi, dərin dondurma şumu (20-25 sm) aparılması, alaqların məhv edilməsi kimi aqrotexniki tədbirlərin torpaqda sürmə ehtiyatının minimuma endirilməsində və yüksək məhsul alınmasında mühüm əhəmiyyəti vardır.
Səpinqabağı şum altına torpağın gübrə normasına uyğun fosfor və kalium gübrələri, erkən yazda isə yemləmə şəklində azotla birlikdə (qarışıq) mikroelementlər (manqan, sink, mis, bor və s.) verilməsi bitkilərin qovuqlu sürməyə davamlılığını artırır.
Hər bir bölgənin torpaq-iqlim şəraitinə uyğun səpin müddəti və normasına, həmçinin toxumun optimal dərinliyə basdırılmasına düzgün əməl olunması sahədə sağlam və normal sayda cücərti alınmasını təmin edir.
Qovuqlu sürmə sıx səpinlərə daha çox ziyan vurur. Qarğıdalı toxumunun basdırılma dərinliyi gilli torpaqlarda 4-5 sm, yüngül torpaqlarda isə 6-8 sm-dən çox olmamalıdır. Dərinə düşmüş toxumlar kif göbələkləri ilə sirayətlənir və onların cücərtilərinin çoxu torpağın səthinə çıxa bilmir. Aqrotexniki tədbirlərin görülməsi və bitkinin düzgün yetişdirilməsi üçün torpağın strukturunu düzgün təyin etmək çox vacibdir.
Paylaşın