close
close
30-03-2020

Suvarma suyunun analizi

Su mənbələrindən suvarma məqsədilə istifadə etməzdən əvvəl araşdırma aparılması, sudan nümunələr götürülərək onun suvarma üçün yararlılığının müəyyənləşdirilməsi olduqca vacibdir. Xüsusilə, təsərrüfatda əkiləcək bitkilərin suvarma suyunun keyfiyyət normalarına diqqət yetirilməlidir. Belə ki, suyun tərkibində müəyyən miqdarda duzun olmasına bəzi bitkilər üçün yararlı hesab edilir. Ancaq suyun tərkibində duzların miqdarı lazımi həddən çox olduqda təkrar şorlaşma prosesi baş verə bilər.

Ölkəmizdə suvarma suyunda duzların yol verilən həddi 1-1,5 q/l təşkil edir. Zəif qələvi tərkibli sulardan suvarma üçün istifadə yaxşı nəticə vermir. Məsələn, tərkibində soda olan sular torpağın fiziki-kimyəvi xassələrinə təsir edir, onun münbitliyini azaldır. Suyun analizi onun tərkibində olan asılı gətirmələrin miqdarını da müəyyənləşdirməyə imkan verir. Bu qabaqcıl suvarmada istifadə olunan filterlərin seçiminə də təsir edir və əlavə xərclərin azalmasına imkan verir.

Suvarma suyunun temperaturunun müəyyənləşdirilməsi də əhəmiyyətlidir. Belə ki, soyuq su ilə suvarma bitkinin inkişafına mənfi təsir edir. Odur ki, belə su ilə suvarma zərurəti yaranarsa, onda su əvvəlcədən xüsusi hovuzlarda müəyyən müddət ərzində qızdırılmadan sonra suvarma üçün istifadə edilə bilər. Qeyd edilən amillərin diqqətə alınması suvarma suyunun analiz olunmasının əhəmiyyətini bir daha göstərir.