close
close
17-08-2025

Qarğıdalı bitkisinin suvarma norması

Qarğıdalı bitkisi vegetasiya dövründə suvarmalara olduqca həssasdır. Bitkinin normal inkişafının təmin edilməsi və yüksək məhsuldarlığın əldə olunması üçün suvarma rejiminin düzgün təşkili mühüm əhəmiyyət kəsb edir. Qarğıdalının vegetasiya müddəti ərzində suya olan tələbatı kifayət qədər yüksəkdir. 
Ümumilikdə, bitki vegetasiya dövründə orta hesabla 8000–9000 kubmetr suya (1 hektar sahəyə) ehtiyac duyur. Bu göstərici torpağın növünə, hava şəraitinə və istifadə olunan suvarma sisteminə görə dəyişə bilər.
Ən həssas mərhələlər püskül çıxma, çiçəkləmə və dən doldurma dövrləridir. Məhz bu dövrlərdə su çatışmazlığı məhsuldarlığa ciddi mənfi təsir göstərir. Belə ki, suvarmanın vaxtında və kifayət qədər aparılmaması nəticəsində sünbül zəif inkişaf edir, mayalanma pozulur və nəticədə dənlər ya əmələ gəlmir, ya da zəif formalaşır. Bu hal məhsulun həm miqdarına, həm də keyfiyyətinə mənfi təsir göstərir.
Suvarmanın düzgün və vaxtında aparılmaması 40–60%-ə qədər məhsul itkisinə səbəb ola bilər. Bundan başqa, qeyri-sabit suvarma - uzun müddət suyun verilməməsi və sonra kəskin suvarmanın tətbiqi bitkidə stress yaradır, kök sisteminə zərər vurur və ümumi inkişafı ləngidir.
Buna görə də, qarğıdalı sahələrində suvarma rejiminə xüsusi diqqət yetirilməlidir. Xüsusən kritik inkişaf mərhələlərində torpağın rütubət səviyyəsi daim nəzarətdə saxlanmalı və ehtiyac olduqda suvarma gecikdirilmədən həyata keçirilməlidir.