close
close
23-06-2025

Xardal bitkisinin siderat kimi İstifadəsi və faydaları

Torpaq münbitliyini artırmaq üçün ən effektiv vasitələrdən biri siderat bitkilərinin əkilməsi hesab olunur. Sideratların yaşıl kütləsi torpağı üzvi maddələrlə və azotla zənginləşdirir, torpağın strukturunu və su tutma qabiliyyətini yaxşılaşdırır. 


Məhsul yığımı başa çatdıqdan sonra torpağın uzun müddət boş saxlanılması onun külək və su eroziyasına məruz qalmasına səbəb olur. Odur ki, sideratlar torpağı üzvi maddələrlə zənginləşdirməklə yanaşı, torpaqqoruyucu funksiyaya da malikdir. Eyni zamanda, xardal bitkisinin kökləri vasitəsilə torpağa ifraz etdiyi maddələr torpaq nematodlarını məhv edir və biofumiqasiya prosesi baş verir. Bu proses xüsusilə çuğundur əkilən növbəli əkinlərdə olduqca effektiv olur.


“Azərşəkər” MMC xardal bitkisindən həm toxumluq, həm də siderat kimi istifadə edir ki, bu da torpaq keyfiyyətinin yüksəldilməsi, növbəli əkin sistemlərinin təkmilləşdirilməsi və əkin sahələrinin sağlamlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.


Sahələrimizdə toxumluq xardalın əkini yazlıq əkinlər zamanı, mart ayında aparılıb. Yaşıl gübrə kimi torpağa payızda, şaxtalar düşməzdən əvvəl və bitkilərin toxumlamasından əvvəl verilməsi planlaşdırılır. 


Qeyd edək ki, sideratların basdırılma dərinliyi yüngül torpaqda 12-15 sm, ağır torpaqlarda isə 6-8 sm olmalıdır.
 

listFoto qalereya