close
close
30-01-2024

Şum altına verilən gübrələr

Gübrələr məhsuldarlığı artırmaq üçün bitkilərə verilən əlavə maddələrdir. Bitkilərin düzgün böyüməsi üçün 15 əsas elementə sahib olması lazımdır. Onlardan bitkilərə çox miqdarda lazım olan elementlərə (C, O, H, N, P, K, Ca, Mg, S) makroelementlər, tərkibində həmin elementlər olan gübrələrə isə makrogübrələr və ya adi gübrələr deyilir.
Bitkilər üçün az miqdarda lazım olan elementlər (B, Cu, Co, Mn, Zn, Mo və s.) mikroelementlər, tərkibində həmin elementlər olan gübrələr isə mikrogübrələr adlanır.
Əkinə başlamazdan əvvəl torpaqlar analiz olunub analiz nəticələrinə uyğun gübrə normaları planlaşdırılmalıdır.

Yazlıq əkinlərdə bitkilərə gübrələr 3 hissəyə bölünərək verilir:
    1. Şum altına verilən gübrələr. (Bura əsasən fosfor və kaliumlu gübrələr aiddir.  P və K gübrələr gec parçalandıqlarına və bitkilər tərəfindən gec mənimsənildiyinə görə əkindən əvvəl verilir);
    2. Səpin ilə birgə verilən gübrələr. ( Bura həm fosforlu gübrələri, həmdə azotlu gübrələri aid etmək olar);
    3. Yemləmə gübrəsi (bitkinin vegetasiya dövründə verilən gübrə). Yemləmə gübrəsi əkəcəyimiz mədəni bitkinin növündən asılı olaraq dəyişir. Burada həm verəcəyimiz gübrə növü, həm də səpin tarixi yetişdirəcəyimiz mədəni bitkidən asılı olaraq dəyişir. Vegetasiya dövründə həm mikroelementlərdən, həm də makroelementlərdən istifadə olunur.