Əkinlərdə diskli maladan istifadənin üstünlükləri
Diskli mala ilə torpaq işlənməsi kənd təsərrüfatında torpağı əkinə uyğun hala gətirmək və toxum yatağı üçün əlverişli şərait yaratmaq məqsədi ilə tətbiq olunan bir üsuldur. Bu prosesdə torpağın üst qatları 15-20 sm dərinlikdə parçalanır və qarışdırılır, nəticədə torpaq daha yüngül, suyu daha yaxşı keçirən və köklər üçün daha uyğun bir hala gəlir. Diskli mala torpağın sıxılmasını azaldır, suyun torpağa daha yaxşı nüfuz etməsini təmin edir və eroziya riskini minimuma endirir. Diskləmə şumdan sonra yaranan iri kəltənləri xırdalamaq, hemçinin sələf bitki qalıqlarını torpağa qarışdırmaq üçün effektiv üsuldur. Diskləməni şumun müəyyən bucaq altında çəpinə aparmaqla sahələrdə kələ-kötürlüklərin dolması və sahənin hamarlanması təmin edilmiş olur. Artıq müasir diskli malalarda kənarları tam dairəvi diskler yerinə ulduz şəklində disklərlə yeni növ aqreqatlar istehsal olunur ki, bir əməliyyatla torpağı səpinə hazır hala gətirmek olur. Diskləmə əməliyyatının aparılmasına qərar verərkən torpağın strukturu nəzərə alınmalıdır. Beləki, zəif strukturlu torpaqlarda diskləməni minimum sayda aparmaq lazımdir ki, torpaq strukturunu dağıdıb məsaməliliyi və su hava balansını pozmaqla səpindən sonra şiddətli qaysaqlanma və bitiş problemləri yaratmasın.
Paylaşın