Sahələrimizdə bioloji mübarizə üsulu olan trixoqrammadan istifadə edilib
Paylaşın Azərşəkər MMC – nin Yevlax təsərrüfatında pambıq, qarğıdalı və şəkər çuğunduru sahələrində test məqsədi ilə həşəratlara qarşı bioloji mübarizə üsulu sayılan trixoqrammadan istifadə edilib.
Trixoqramma - bitkilərin zərərvericilərinə qarşı bioloji mübarizənin əsas vasitəsi olaraq təxminən 160 növ zərərvericini yumurta fazasında məhv edən entomofaq həşəratdır.
Trixoqramma biolaboratoriyalarda yetişdirilir. Əsasən, gizli həyat tərzi keçirən zərərvericilərə qarşı daha çox təsirli olur. Trixoqrammanın parazitar təsiri yalnız sürfələr tərəfindən aparılır, yetkinlik dövründə isə nektarla qidalanır.
Bioloji mübarizə üsulu zərərverici həşəratların təbii düşmənlərinin istifadəsinə əsaslanır. Bu üsulun digər mübarizə üsulları ilə müqayisədə üstün cəhətləri vardır. Belə ki, bu mübarizənin tətbiqi ucuz başa gəlir, insan, heyvanlar və bitkilər üçün zərərsizdir və təbii mühiti çirkləndirmir. Bioloji mübarizədə əksər hallarda zərərverici bitkilərə ziyan vurmadan məhv olur.
Trixoqramma aşağıdakı dövrlərdə tətbiq olunur:
Birinci mərhələ: şəkər çuğunduru, qarğıdalı və pambıq əkinlərində monitorinqlər üsulu ilə pambıq sovkasının birinci nəsil yumurtaları aşkar olunduqda. Bu da may ayının ortalarından iyun ayının ilk 10 günlüyünə təsadüf edir;
İkinci mərhələ: şəkər çuğunduru, qarğıdalı və pambıq əkinlərində, pambıq sovkasının ikinci və üçüncü nəsil yumurtaları aşkar olunduqda. Bu da iyunun ortalarından iyulun son 10 günlüyünə təsadüf edir.
Zərərvericinin hər nəslinə qarşı 5-7 gün aralığında iki və ya üç tətbiq aparılır. Trixoqrammanın sahəyə birinci buraxılması zərərvericinin yumurtlama dövrünün başlanğıcında, sonrakı buraxılması isə kütləvi yumurtlama zamanı aparılır.
Tətbiq şərtləri və normaları:
Trixoqrammanın inkişafı üçün optimal şərait:
Temperatur 18-26 0 C, nisbi rütubət (70 ± 10) % olmalıdır;
Yeni doğulmuş trixoqramma inkişaf dövrünə çatmazdan 12-24 saat əvvəl yalnız əl ilə səpilməlidir;
İmago inkişaf dövründə olan trixoqramma səhər saat 07:00-dan 11:00-a qədər və ya axşam 16:00-dan 20:00-dək əl ilə səpmək tövsiyə olunur. Bir hektarda ən az 50 nöqtədə yerləşdirilir. Yumurtadan çıxmamış trixoqramları isə aviasiya ilə səpmək olar;
Orta hesabla trixoqrammanın tətbiqi hektara 50-100 min fərddir.