close
close
Xəbərlər

"Azərşəkər" müasir əkinçilik texnologiyalarının tətbiqi ilə bağlı tədbir keçirib

Şəmkir rayonunda “Azərşəkər” MMC-nin Ceyrançöl ərazisində yerləşən aqroparkında “Müasir resurslara qənaət edən əkinçilik texnologiyalarının tətbiqi” mövzusunda tədbir keçirilib. İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) və “Azərşəkər” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının əməkdaşları, fermerlər iştirak ediblər.

Tədbirdə “Strip till” texnologiyasının tətbiqinin üstünlükləri barədə məlumat verilib, “Mzuri” texnikasının təqdimatı keçirilib. Bildirilib ki, Almaniya istehsalı olan bu texnika ilk dəfə olaraq “Azərşəkər” MMC-nin Ceyrançöl ərazisində yerləşən təsərrüfatında təkrar qarğıdalı və soya əkini zamanı istifadə edilib. “Mzuri”nin üstün cəhəti 4 prosesi (dərin yumşaltma, dərinlik boyu gübrə emalı, müxtəlif çeşidli toxumların dəqiq səpini və bərkidici çarxlarla toxumların basdırılması) eyni vaxtda yerinə yetirməsidir. Bu texnikanın istifadəsinin əsas məqsədi suya və yanacağa qənaət, torpağın münbit qatının qorunub saxlanması və havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırılmasıdır.

Tədbir iştirakçıları “Azərşəkər” MMC-nin “Strip till” texnologiyası ilə əkilmiş qarğıdalı sahəsinə və taxıl təsərrüfatında gedən arpa səpininə baxış keçiriblər.

Sonda iştirakçılar şəkər çuğundurunun yığılması prosesi ilə tanış olublar. Bildirilib ki, 161,5 hektar ərazini əhatə edən şəkər çuğunduru sahəsinin hər hektarından orta hesabla 80 sentner məhsul yığılması gözlənilir. Ümumilikdə, 12 min 920 ton şəkər çuğundurunun tədarükü proqnozlaşdırılır. Bu il ölkəmizdə ilk dəfə olaraq “Azərşəkər” MMC-nin Şəmkir təsərrüfatında şəkər çuğundurunun yığılmasında “Ropa Maus” texnikasından istifadə edilməsinə başlanılıb. Bu texnikanın tətbiqi sayəsində məhsulun yığım sürəti 2 dəfə artıb. “Ropa Maus” texnikası saatda təxminən 400 tona yaxın məhsul yığmaq gücünə malikdir.

Qeyd edək ki, aqroparkın ümumi əkinə yararlı 4000 hektar sahəsinin 1500 hektarında müasir suvarma (pivot) sistemləri qurulub. Bu il aqroparkda 166,2 hektar arpa, 130,6 hektar buğda, 156,6 hektar qarğıdalı, 114,9 hektar soya, 161,5 hektar şəkər çuğunduru əkilib. Arpa üzrə orta məhsuldarlıq 5,14 ton/hektar, buğda üzrə 5,9 ton/hektar, qarğıdalı üzrə 9 ton/hektar, soya üzrə isə 2,5 ton/hektar təşkil edib. Ümumilikdə “Azərşəkər” MMC-nin Ceyrançöl təsərrüfatından bu il 854,3 ton arpa, 770,5 ton buğda, 1409 ton qarğıdalı yığılıb. Aqroparkda 71 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin edilib.

Oxu.az  Azərtac Marja.az fins.az banker.az 

listFoto qalereya