close
close
Xəbərlər

İmişlidə arpa emalı müəssisəmizin təməli qoyulub

Ölkəmizdə pivə istehsalında dəyər zəncirinin yaradılması üçün yeni müəssisə yaradılır.
Qeyri-neft iqtisadiyyatının inkişafı və sənayeləşmə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir. 
Azərbaycanda pivə istehsalında dəyər zəncirinin yaradılması üçün avqustun 8-də İmişlidə yeni müəssisənin - pivəlik arpa emalı zavodunun təməli qoyulub. “Azərsun Holdinq”ə məxsus İmişli Şəkər Zavodunun ərazisində inşa olunacaq müəssisə “Azərşəkər” MMC, “Azərsun Kənd Təsərrüfatı Malları” MMC və Azərbaycan İnvestisiya Şirkətinin birgə investisiyası ilə reallaşdırılacaq. İldə ilkin olaraq 11 min ton, sonrakı mərhələdə 17 min ton pivəlik arpa (malt) emal edəcək zavod Azərbaycanda ən böyük pivə istehsalçısı olan “Carlsberg Azerbaijan” pivəbişirmə zavodunun, həmçinin ölkəmizdə fəaliyyət göstərən istehsalçıların xammala olan ehtiyacını tam ödəyəcək. İnvestisiya dəyəri 25 milyon manat olacaq müəssisədə 50 nəfər daimi işlə təmin ediləcək. Zavodun fəaliyyətə başlaması ilə bu məhsul üzrə idxalın qarşısı alınacaq və 10 milyon dollardan çox vəsait ölkəmizdə qalacaq. Zavodda 510 tondan artıq yem əlavəsi əldə olunacaq. Layihə çərçivəsində zavodun xammalının saxlanılması üçün 20 min tondan çox tutumu olan silo kompleksi inşa ediləcək, həmçinin “Azərşəkər” MMC tərəfindən Ağcabədi, İmişli və Füzuli rayonlarının ərazisində 8000 ha ərazidə arpa, şəkər çuğunduru və ərzaqlıq buğda üzrə əkin işləri həyata keçiriləcək. 
Təməlqoyma ilə əlaqədar keçirilən tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, kənd təsərrüfatı nazirinin müavini Sərvan Cəfərli yaradılacaq müəssisənin ölkə iqtisadiyyatına verəcəyi töhfədən danışıblar. 
“Azərşəkər” MMC-nin idarə heyətinin sədri Anar Mehdiyev: “Təməli qoyulan zavod Cənubi Qafqaz regionunda eyni təyinatlı ilk zavoddur. Tətbiq olunan texnologiya  İsveçrənin Buhler şirkətinə məxsusdur və şirkətin bu sahə üzrə  ən son texnologiyasıdır. Bütün partnyor şirkətlərimizə iş birliyinə görə təşəkkür edirik. Əminik ki, bu layihə qeyri-neft sektorunun inkişafına öz dəstəyini verəcəkdir. İnvestisiyalar üçün yaradılan münbit şəraitə görə dövlətimizə təşəkkür edirik. Azərşəkər olaraq əlavə dəyər yaradan və ixrac potensialına malik yeni layihələrə investisiyaları davam etdirəcəyik”.

“Azərsun Kənd Təsərrüfatı Malları” MMC-nin Kənd Təsərrüfatı və emal müəssisələrinin baş direktoru Məhəmməd Gözəl: “Yerli emal sənayesin yekun məhsullarının xammal bazasını Azərbaycanda yetişdirilməsi olduqca mühüm əhəmiyyət kəsb edən məsələdir. Bu baxımdan Azersun Holding şəkər, yem məhsulları, süd emalı sənayesinin məhsullarını və ən əsası konservləşririlmiş meyvə tərəvəz məhsullarını istehsal edərkən məhz bu ideyanı əsas tutmuşdur. Sadalanan bu məhsulların istehsalı yerli xammala əsaslanan emal sənayesi hesabına ərsəyə gəlir. Xüsusi əhəmiyyətli məqam isə bütün bu məhsulların aqrar mənşəli xammalının istehsalı zamanı həm şirkətin, həm də yerli kiçik fermerlərin imkanından geniş istifadə olunaraq, onlarla uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulmasıdır”.
Biz inanırıq ki, bu arpa emalı müəssisəsi də ön növbəsində ölkənin xammal baxımından idxaldan asılılığının azaldılması istiqamətinə atılan addımlara misal olacaqdır. Gələcəkdə də həm bu müəssisənin istehsal fəaliyyətinin genişləndirilməsinə, həm də bu qəbildən olan layihələrdə geniş iştirakımızı var gücümüzlə davam etdirəcəyik.
“Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Alius Antulis: “Hesab edirəm ki, bu gün ölkədə pivə sənayesinin inkişafı üçün olduqca mühüm gündür. Arpa emalı zavodunun inşası pivə istehlasında istifadə olunan xammal lokallaşdırılmasında çox böyük addımdır. Carlsberg Azerbaijan olaraq uzunmüddətli strategiyamız pivə istehsalında tamamilə yerli xammaldan istifadə etməkdir və bu yolda yerli tərəfdaşlarımızla uğurla irəliləyirik. Lokallaşdırılma layihələrinə göstərilən dəstəyə görə Dövlətə xüsusilə təşəkkürümü bildirirəm". 
2019-cu ildən “Azərşəkər” MMC “Carlsberg Azərbaycan” şirkəti ilə birgə pivəlik arpanın yerli şəraitdə becərilməsini icra etməkdədir. Bunun üçün “Azərşəkər” və Avropanın pivəlik arpa toxumunun istehsalı üzrə ən qabaqcıl şirkətlərindən olan SECOBRA Recherches şirkəti ilə əməkdaşlıq edir. Şirkətin nəzdində olan AgroLab kənd təsərrüfatı laboratoriyasının köməyi ilə pivəlik arpa toxumunun istehsalı təşkil edilmişdir. Hazırda pivəlik arpa “Azərşəkər”in Şəmkir, Yevlax və Ağcabədi rayonlarında yerləşən təsərrüfatlarında yetişdirilir. Bütün bu tədbirlərin nəticəsi olaraq artıq 3 ildir ki, ölkəmizə pivə istehsalı üçün xam arpa idxal edilmir. Pivəlik xam arpanın yerli istehsalı ixrac imkanları yaratmışdır. Belə ki, bu məhsulun Carlsberg şirkətinin Qazaxıstan və Rusiyada yerləşən zavodlarının ehtiyacı üçün ixracı planlaşdırılır.
 

listFoto qalereya