Azərşəkər 17-ci Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirak edib
Paylaşın 15-17 May tarixlərində Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisi keçirilib. Dünyanın 30 ölkəsini təmsil edən 450-ə yaxın şirkəti bir araya gətirən sərgidə “Azərşəkər” şirkəti də iştirak edib.
Azərşəkər MMC ən son texnologiyalardan istifadə etməklə, Azərbaycanın müxtəlif regionlarında əkinçilik, bağçılıq, kənd təsərrüfatı laboratoriyası və emal istiqamətlərində fəaliyyət göstərir. Şirkət fəaliyyəti ilə ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. 3 gün ərzində davam edən sərgidə “Azərşəkər”, “Promalt” və “Agrolab” olaraq kənd təsərrüfatında tətbiq etdiyimiz ən son suvarma və əkinçilik texnologiyaları, hazırda qurulmaqda olan və Cənubi Qafqaz regionunda ilk arpa emalı müəssisəsi və müasir tələblərə cavab verən laboratoriya xidmətlərini təqdim edib.
Sərgi çərçivəsində həm də, dayanıqlı kənd təsərrüfatını dəstəkləyən strip till texnologiyası ilə əkin aparan Mzuri pro till texnikası ziyarətçilərə təqdim edilib. “Mzuri”nin əsas üstün cəhətləri 4 prosesi (dərin yumşaltma, dərinlik boyu gübrə emalı, müxtəlif çeşidli toxumların dəqiq səpini və bərkidici çarxlarla toxumların basdırılması) eyni vaxtda yerinə yetirməsidir. Bu texnikanın istifadəsinin əsas məqsədi suya və yanacağa qənaət, torpağın münbit qatının qorunub saxlanılması və havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırılmasıdır.
Azərşəkər MMC 2019-cu ildən ölkənin ən böyük pivə istehsalçısı Carlsberg Azerbaijan-la əməkdaşlıq çərçivəsində pivəlik arpa lokallaşdırılmasına başladılmışdır. Uğurlu sınaqlar nəticəsində beynəlxalq keyfiyyət tələblərinə uyğun pivəlik arpa yetişdirilmiş və 2021-ci ildən Carlsberg Azerbaijan istehsalda 100% yerli arpaya keçmişdir. 2023-cü ilin avqust ayında Azərşəkər, Carlsberg Azerbaijan və Azərsun Kənd Təsərrüfatı Malları MMC tərəfindən Cənubi Qafqazda ilk Arpa Emalı zavodunun təməli qoyulmuşdur. İldə ilkin olaraq 11 min ton, sonrakı mərhələdə 17 min ton pivəlik arpa (malt) emal edəcək zavod Azərbaycanda ən böyük pivə istehsalçısı olan “Carlsberg Azerbaijan” pivəbişirmə zavodunun, həmçinin ölkəmizdə fəaliyyət göstərən istehsalçıların xammala olan ehtiyacını tam ödəyəcək. İnvestisiya dəyəri 25 milyon manat olacaq müəssisədə 50 nəfər daimi işlə təmin ediləcək. Zavodun fəaliyyətə başlaması ilə bu məhsul üzrə idxalın qarşısı alınacaq və 10 milyon dollardan çox vəsait ölkəmizdə qalacaq. Zavodda 510 tondan artıq yem əlavəsi əldə olunacaq.
2024-cü ilin fevral ayında Yevlax və Ağcabədidə yetişdirilən pivəlik arpadan ölkəmizdə istehsal olunan ilk 0.0 alkoqollu Xırdalan 0.0 məhsulu istehlakçılara təqdim olunmuşdur.
AzərŞəkər MMC - 2017-ci ildə təsis edilmişdir, ölkənin ayrı-ayrı rayonlarında əkin sahələrinə yatırım etməklə, müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur. Cari əkin mövsümündə Şəmkir, Füzulivə Yevlax rayonlarında müasir suvarma təminatlı təsərrüfatlarımızda 4579.5 hektar sahədə, ümumilikdə isə 6279.5 hektar sahədə taxıl, şəkər çuğunduru, pambıq, xardal, soya və qarğıdalı becərilməsini həyata keçirməkdədir. 2019-cu ildən şirkətin nəzdində “Agrolab” müasir kənd təsərrüfatı laboratoriyası fəaliyyət göstərməkdədir.
Foto qalereya