close
close
Pambıq

Pambıq ölkəmiz üçün strateji məhsuldur. Pambığın ən qiymətli məhsulu mahlıcdır. Pambıq məhsulu emal edildikdə ondan 40-45% mahlıc, 50-60% çiyid əldə edilir.

Pambıq bitkisi lifli bitkidir və pambıqdan 200 adda məhsul alınır. Pambıq bitkisinin məhsulu olaraq açılmış pambıq qozasından pambıq lopası toplanaraq emal edilir. Bu zaman pambıqdan mahlıc (pambığın lifləri) və çiyid (pambığın toxumu) əldə edilir. Pambıq yeyinti, maşın-qayırma, elektrik, aviasiya sənayelərində, əczaçılıqda, həmçinin geyim, inşaat, dəftərxana ləvazimatları və s. sahələrdə istifadə edilir. Pambıq çiyidindən əsas məhsul olaraq yağ istehsal edilir və 25%-ə qədər yağ istehsal edilir. Son məhsul olaraq yağı çıxarılmış hissə “jmıx” heyvandarlıqda qüvvətli yem kimi istifadə edilir. Pambıq bitkisi həmçinin zəhərli bitkidir və tərkibində gossipol adlanan zəhər vardır. Gossipol ən çox bitkinin köklərində, çiçəklərində və toxumlarında yüksək miqdarda toplanır. Bu səbəbdən heyvan yemləməsində və qənnadı məmulatlarında pambıq məhsulundan diqqətli şəkildə istifadə edilməlidir.

Pambıq

Pambıq bitkisi bir evli ikicinsli çiçəkli bitkidir. Tozlanması çarpazdır. Pambıq bitkisi  qısa gün bitkisi olub əsasən 9-10 saatlıq gün uzunluğunda daha yaxşı inkişaf edir. Hal-hazırda becərilən pambıq sortları gün uzunluğuna çoxda tələbkar olmayıb əsasən temperatura bağlı olaraq inkişaf edirlər.  Pambığın inkişaf fazaları:
1) Cücərmə;
2) Əsl yarpaqların əmələ gəlməsi;
3) Daraqlama və ya simpodiaların əmələ gəlməsi;
4) Çiçəkləmə;
5) Qozaların formalaşması;
6) Yetişkənlik dövrü.    

Pambıq üçün ideal temperatur 25-32°C sayılır. Torpaqdan cücərtilərin alınması və ləpəyarpaq-altı dirsəyin torpaqdan çıxması üçün 15.6°C temperatur lazımdır. Pambıq bitkisinin çiçəklərində 36°C temperaturdan sonra mayalanma getmir, 39°C temperaturda isə inkişaf tamamilə dəyanır. Yayın isti günlərində pambıq sərin vaxtlarda, xüsusilə gecələr inkişaf edir. Pambıq bitkisinin gövdəsinin üzərində bar budaqları olan simpodiallar və 1-2 ədəd boy budağı olan monopodiallar inkişaf edir. Monopodial budaq gövdəyə paralel qalxır və əlavə gövdə funksiyasını daşıyır. Simpodial budaqlar isə üzərlərində bar orqanlarını daşıyır və spiral şəklində düzülərək gövdəyə perpendikulyar inkişaf edirlər. Simpodiallar hədli və hədsiz tip olmaqla iki qrupa bölünürlər. Hədsiz tip, yəni simpodial budaqlanmaya malik sortlar daha məhsuldar olurlar və temperatur imkan verdikcə inkişaf edib bar orqanı formalaşdırırlar. Hal-hazırda əkilən sortlar hədsiz tip simpodialara malikdirlər. Bitkinin yarpaqları 3-5 bölümlü və ya dilimli olub, növ və sortdan fərqli olaraq dəyişə bilirlər. Simpodialarla birlikdə daraqlarda inkişaf etməyə başlayır ki, artıq temperatur 20°C və üzərində olsun. Cücərmədən 25-35 gün sonra daraqların formalaşmasını, daraqdan 30-35 gün sonra isə çiçəklərin inkişafını izləmək olur. Çiçəklər əsasən sarıya bənzər açıq krem rəngi olur və 3 gün ərzində mayalanaraq çəhrayı rəngə çevrilir. Mayalanmadan sonra isə artıq qozaların formalaşması prosesi başlayır və çiçəkləmədən sonraki 50-60 gün ərzində qozaların yetişməsi tamamlanır. Ümumilikdə 180-200 gün ərzində pambıq məhsulu tam yetişir. Pambıq mil kök sisteminə malikdir və 2 metrə qədər dərinliyə işləyə bilir. Köklərin əsas hissəsi 70 sm qədər dərinlikdə formalaşır. Kök sisteminin yaxşı inkişaf etməsi üçün düzgün torpaq becərməsi və veqetasiya suvarmalarına doğru yanaşma edilməlidir. 

Becərilməsi

Pambıq üçün dərin şum (becərmə) çox önəmlidir. Kök sisteminin yaxşı inkişafı və daha çox qida maddəsi əldə edilməlidir ki, bu da bilavasitə yüksək məhsulun birinci göstəricilərindəndir. Şumlamanın noyabırın 1-ci yarısında aparılması məsləhətdir və pambığın selləmə suvarma olan ərazilərdə arat edilməsi çox effektiv olduğundan, 1 ay sonra dekabr ayında sahənin arata qoyulması torpaqda olan zərərvericilərində məhv olmasına gətirib çıxaracaqdır. Qış aratı sələfi yonca olan sahələrə məsləhət görülmür. Bu zaman yonca bitkisinin qalıqları yaz qabağı yenidən pöhrə verərək ərazidə səpin aparılmayacaq vəziyyət yaradır. Bu kimi sahələrə yaz aratı daha məsləhətdir və mart ayının 5-15 tarixlərindən gec olmayaraq  yekunlaşdırılmalıdır. Pambıq sahələrinin hazırlığında torpağın təqribən 30 sm dərinliyindəki  şum layını da dağıtmaq üçün dərin riperlərdən istifadə edilməlidir. Bu zaman bitkinin kökü daha dərin qatlara işləyə bilir və həmçinin su-hava balansı torpağın dərin qatlarında da qorunmuş olur.  Kəsəklər böyük olan zaman rotasyon və disklərdən istifadə edilməklə sahələr ideal vəziyyətə gətirilə bilər. Pambıq səpini üçün sahənin tam hamarlanması və aqreqatların ölçülərinin normada olması baxımından sahə mütləq malalanmalıdır. ... Bu proses arat edilmiş sahələrdə aratdan sonra nəmliyin qorunması zamanında üzləmə şəklində edilir və daha sonra isə səpin aparılmadan öncə tam hamarlama edilərək  toxum yatağı hazırlanır. Səpin prosesi pnevmatik toxum-səpənlərlə  dəqiq aparılır. Ölkəmizdə pambıq səpini üçün cərgə-arası 90 sm üstün tutulur. Bitki arası məsafə isə 5-10 sm dəyişir və 1 hektarda 150-160 min bitki olması istəniləndir. Toxum səpini edərkən toxumun 2.5-4 sm dərinlikdə olması bitişlərin keyfiyyətli alınması üçün vacibdir. Bitişlər alındıqdan sonra alaqlanmaya diqqət edilməli və həmçinin zərərvericilərə qarşı da kimyəvi mübarizə aparılmalıdır. Alaqlanma pambıq bitkitsinin inkişafını xeyli gerilədir və torpaqdakı qida maddələri həmçinin suyu pambıqdan 2.5 dəfə daha çox istifadə edərək məhsuldarlıqda itkilərə gətirilir. 2019 ildə sınaq üçün əkilmiş sahədə alaqlanma   nəticəsində 40 sentner məhsul gözlənən sahənin hər hektarında 22 sentner məhsul yığılmış və cərgə-arası becərmələr edilməsinə baxmayaraq alaqlanmanın ilkin fazalarda pambığa göstərdiyi təsir nəticədə bar orqanlarında  lif və çiyid miqdarında azalmalara, 50% qədər məhsul itkisinə səbəb olmuşdur. Pambıq bitkisində alaqlanmaya qarşı torpaq herbisidlərindən istifadə edilir. Pambıq bitkisində bitişlər alındığı vaxtdan zərərvericilərlə mübarizəyə başlanılır. Bunlardan əsas zərər verənlər mənənə, trips, qırmızı hörümçək, pambıq sovkası, taxta qurusu, əmici zərərvericiləri misal göstərmək olar. Əmici böcəklər pambıqda ilkin cücərtilər alınana kimi ziyan vururlar və daha çox havada nisbi rütubət çox olduqda geniş şəkildə yayılırlar. Qırmızı hörümçək isə daha çox quraq havalarda lokal şəkildə yayılır və xüxusilə selləmə suvarma aparılan sahələrdə suvarmadan öncə mübarizə yekunlaşmalıdır ki,  sürətlə yayılmasınlar. Pambıqda ən zərərlisi pambıq sovkasıdır və vaxtında mübarizə aparılmazsa 60% qədər məhsul itkisinə gətirib çıxara bilir. Pambıq bitkisi öz yerinə ən çox 3 il əkilə bilər. Pambıq növbəli əkinlərdə paxlalılar və taxıllarla yaxşı növbələşir. Taxıllardan sonra pambıq bitkisinə daha çox azot ehtiyacı yaranır ki, xüsusilə arpadan sonra qida maddəsini artırmaq lazım olur. Yonca kimi paxlalılardan sonra isə torpaqda təqribən 500 kq üzvi azot toplanır və bu da azota olan ehtiyacı azaldır. Sələf yonca olduqda torpaqda əlavə fosfora ehtiyac çoxalır.

Gübrələmə

Pambıq bitkisinin 1 ton məhsulla torpaqdan 50 kq Azot (N2), 10-12 kq Fosfor (P2O5), 40-50 kq Kalium (K2O) götürür. Bunlardan Fosfor öncədən və ya səpinlə birgə torpağa verilməsi pambıq bitkisinin inkişafı baxımından çox önəmlidir. Pambıq üçün fosfor ilk 1 ayda kök inkişafına kömək edir. İnmobil element oldugundan səpin müddətində verilən fosfor son dovrə kimi bitkinin lazımı fosforla təmin edə bilir. Fosfor hüceyrə nüvəsində, enerji balansında (ATF sintezi) , çiçəkləmə və köklənmədə və s. proseslərdə iştirak edir. Kalium səpinlə birgə və yemləmə kimi həmçinin yarpaqdan tətbiq edilə bilər. Kalium pambıq bitkisində stresə davamlılıq, turqorun tənzimlənməsi, plastik maddələrin daşınması, lif keyfiyyəti və.s təmin edir.
Pambıq bitkisi üçün ideal Ph aralığı 6.3-7.5-dir. Torpaqda duzluluq 5 ds/m-dən az olarsa pambıq yaxşı inkişaf edir.  Pambıq üçün makrolarla yanaşı mikro elementlər də təmin edilməlidir. Bu elementlərlə (Fe,Mn,Zn,Cu,B,Mo) təmin olduqda fotosintez, mayalanma prosesi, qida maddələrinin daşınması, çiyid miqdarı, bar orqanlarının inkişafı və onlarda lif keyfiyyəti kimi faktorlara ciddi təsir edir. (Fe,Mn,Zn,Cu,B,Mo) təmin olduqda fotosintez, mayalanma prosesi, qida maddələrinin daşınması, çiyid miqdarı, bar orqanlarının inkişafı və onlarda lif keyfiyyəti kimi faktorlara ciddi təsir edir.

Suvarma planlaması

Pambıq bitkisi üçün suvarma məhsuldarlığın ən əsas şərtlərindəndir. 1 hektar üçün veqetasiya ərzində 5000-6000 m su serf olunur. Transpirasiya əmsalı becərmədən və yetişmə fazasından asılı olaraq 400-800 ola bilir. Pambıqda suvarmanın zamanı daha çox bitki üzərində olan əlamətlərdən bilmək mümkündür. Pambıqda turqorun azalması yarpaq ayalarının aşağıya doğru sallanması, yarpaq rənglərində tündləşmə həmçinin gövdədə aşağıdan yuxarıya doğru piqmentativ qızarma kimi əlamətlərlə özünü göstərə bilir. Pambıq bitkisində suvarmanın önəmi çiçəkləmədə əsas özünü göstərir, bitkidə aşağıdan yuxarıya doğru çiçək açımı ilə simpodial budaqların inkişafı arasında fərqə baxılmalıdır. Pambıq bitkisində ‘’cut-out‘’ dediyimiz mərhələdə artıq bitkidə təpə nöqtələrinin inkişafı dayanır və bitki yetişkənliyə keçir. Zamanından öncə “cut-out” olmaması üçün suvarmanı doğru zamanda etməli və çiçəklə təpə nöqtəsi arasında 9-10 buğum saxlanılmalıdır. Pambıq bitkisinin də bar budaqlarının sayı 15-18 olması istəniləndir. Faraş doğru zamanlı əkilmiş pambıq avqust ayının ikinci yarısında “cut-out”-a girir. Belə ki, təpə nöqtəsinə 4-5 buğum qalmış çiçək görünürsə artıq bitki cut-out mərhələsində sayılır və artıq mövcud bar orqanlarını inkişaf etdirir. Suvarmada erkən zamanda edilmiş yanlışlıqlar bu mərhələni gecikdirə və ya tezləşdirə bilər ki, bu da məhsulda özünü çox ciddi şəkildə göstərir.

Pambıq yığımı

Pambıq məhsulunu yığmaq üçün bitkinin yarpaqlarını qurudub tökmək lazımdır. Bunun üçün defoliasiya əməliyyatı aparılır. Pambıq əkininin sonuncu ən önəmli proseslərindən biridir və defoliasiya zamanı dəqiq hesablanmalıdır. Defoliasiya əməliyyatı zamanı pambıq bitkisinin üzərində ortalama açmış qozaların miqdarı 65-70% olmalıdır. Defoliasiya tətbiq edərkən 24 saat ərzində yağış yağarsa, yenidən əməliyyat təkrarlanmalıdır. Defoliant öz təsirini 14 günə tam göstərir. Defoliant tətbiq edərkən pambıq bitkisi fizioloji yetişkənlik həddinə tam çatmalıdır və bunun üçün də sonuncu suvarmanın zamanını dəqiq hesablamaq lazımdır. Pambıq bitkisində daban qozalar açılmağa başlamışsa və torpaqda yetərincə nəmlik varsa bu zaman suvarma etmək məsləhət görülmür, əks halda pambıq bitkisində boylanma olacaq və yetişkənlik müddəti uzanacaq. Defoliant tətbiqi zamanı qoza açdırıcılardan da istifadə edilir. Qoza açdırıcıların tətbiqində məqsəd yığım zamanı mümkün qədər çox miqdarda pambıq kütləsini elə ilk yığımda əldə etmək və mümkünsə 2-ci yığımı etməməkdir. Tətbiqin uğurlu olması üçün yetişmiş qozaların miqdarı 80-85% olmalı və havanın temperaturu 21°C keçməlidir, əks halda tətbiq uğursuz ola bilər. Pambıq bitkisində yetişmiş qozaları təyin etmək üçün pambıq qozasının eninə kəsiyinə baxılmalıdır və liflər gel şəklindədirsə qoza yetişməmişdir. Yetişmiş qozalarda liflər aydın seçilir və çiyidlər (toxumlar) bərk formada olurlar. Defoliantın tətbiqi və tətbiqdən sonrakı zaman məsləhət görülür ki, tələskənlik edilməsin. Həm bitkinin yetişkənliyə çatması, həm də qozaların mümkün qədər çox açıb bitkinin yarpaqlarını tam tökməsi gözlənilsin.