close
close
Xəbərlər

“Textile Horizon” MMC-yə Mingəçevir Sənaye Parkında rezidentlik verilib

"Azərşəkər" MMC və Özbəkistanın “Global Textile” şirkətlərinin iştirakı ilə həyata keçirilən “Textile Horizon” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Mingəçevir Sənaye Parkının rezidentliyi statusu verilib.

 

Layihə çərçivəsində Sənaye Parkının ərazisində mahlıc, iplik, parça və geyim istehsalı ilə məşğul olacaq müəssisələr inşa ediləcək. Bu, ölkəmizdə ilk dəfə olaraq tekstil sahəsində klasterləşmənin yaranmasına səbəb olacaq. Almaniya, İsveçrə, İspaniya və Türkiyə kimi ölkələrin qabaqcıl texnologiyalarının tətbiq ediləcəyi bu müəssisələrdə il ərzində 11,6 min ton iplik, 7,3 min ton xam parça, 6,2 min ton boyalı parça və 11,8 milyon ədəd tikiş məhsulu (geyim) istehsal olunacaq.

 

İnvestisiya dəyəri 153 milyon manat olan layihə çərçivəsində 2300-dən artıq daimi iş yeri yaradılacaq.
İstehsal ediləcək məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da həyata keçiriləcək.

 

Layihənin 2027-ci ildə istismara verilməsi planlaşdırılır.