close
close
Xəbərlər

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərşəkər MMC-nin Yevlax rayonunda yerləşən sahələrinə baxış keçirib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərşəkər MMC-nin Yevlax təsərrüfatında innovativ texnologiyaların tətbiq olunduğu pambıq sahələrinə baş çəkib, məhsul yığımının gedişi ilə tanış olub.
Səfər zamanı nazirə pivot suvarma sistemi üzərində qurulmuş mobil damlama sistemi ilə bağlı təqdimat keçirilib. Bu sistemin tətbiqi nəticəsində suvarma suyuna 50% suya qənaət olunduğu qeyd edilib. Eyni zamanda məhsuldarlıqda artım da müşahidə olunmaqla yanaşı, məhsulun keyfiyyət göstəricilərində də yaxşılaşmaya nail olunub. Bu mövsüm təsərrüfatda arpa biçinindən sonra test məqsədilə təkrar pambıq əkinləri aparılıb və hal-hazırda sahələrdə inkişaf normaldır.
“Azərşəkər” MMC-nin əkin sahələrində heç bir torpaq əməliyyatı aparılmadan birbaşa strip till texnologiyası ilə payızlıq buğdanın səpini həyata keçirilib. Eyni zamanda bir neçə əməliyyatı həyata keçirən texnikadan istifadə səpin prosesini daha qısa müddətə və keyfiyyətli aparmağa imkan verir, əmək resursları, yanacaq və gübrədən qənaətlə istifadə imkanı yaradır, atmosferə atılan karbon emissiyasının azaldılmasını təmin edir.
Nazir becərmə prosesində müasir innovativ üsullarının tətbiqi təcrübəsinin daha geniş sahələrdə yayılmasının vacibliyini qeyd edib, su və torpaq resurslarından səmərəli istifadənin önəmini vurğulayıb.
 

listFoto qalereya