Azərşəkər ADAU-da keçirilən karyera sərgisində iştirak edib
Paylaşın Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 17-ci Karyera Sərgisi keçirilib. 150-dən çox təşkilat və şirkət tərəfindən 1000-dən çox vakant yer təqdim olunan sərgidə Azərşəkər şirkəti də iştirak edib. Şirkətimizin nümayəndələri vakant iş yerləri, təcrübə proqramları barədə məzun və qonaqlara ətraflı məlumat veriblər.
Karyera sərgisində iştirak edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə aqrar sahənin inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Kənd təsərrüfatı yalnız ərzaq təhlükəsizliyinin təminatçısı deyil, həm də regionların sosial-iqtisadi inkişafı, məşğulluğun artırılması və innovativ texnologiyaların tətbiqi üçün mühüm sahədir.
Müasir dövrdə iqlim dəyişiklikləri, resursların səmərəli idarə olunması, aqrotexnoloji yeniliklər və rəqəmsallaşma kənd təsərrüfatı sahəsində yeni bacarıqlara və yanaşmalara olan ehtiyacı artırır. Məhz bu səbəbdən bu sahədə bacarıqlı və peşəkar mütəxəssislərə ehtiyac getdikcə artır.