close
close
Buğda

Becərilmə texnologiyası öncə növbəli əkinçilik sisteminin tətbiqini, sələf bitkilərin düzgün seçilməsini, torpağın əsaslı və səpinqabağı becərilməsini, gübrələməni və aqrotexniki qulluq işlərinin yerinə yetirilməsini özündə birləşdirir

Buğda bitkisi üçün ən yaxşı sələf paxlalı dənli bitkilər, çoxillik paxlalı ot bitkiləri, qara və təmiz herik, tərəvəz bitkiləri, silosluq qarğıdalı hesab olunur. Sələf bitkilərinə, torpağın hazırlanması, səpinin aparılması, sahənin alaqlardan təmizlənməsi, rütubətin yığılıb saxlanması və bu əsasda bərabər çıxışın alınmasını və payızda bitkilərin yaxşı inkişafını təmin etmək ücün sahənin vaxtında azad edilməsi əsas tələb kimi qoyulur. Növbəli əkin məhsuldarlığı artırmaqla yanaşı, onun tətbiqi payızlıq taxıllar üçün spesifik olan xəstəlik və ziyanvericilərin profilaktiki qarşısının alınmasında da mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən də növbəli əkin sisteminin tədbiqinə xüsusi diqqət yetirməlidirlər.

Torpağın hazırlanmasıSələf bitkisindən sonra sahə 8-10 sm dərinlikdə üzlənir ki, bu da bitki qalıqlarının xırdalanmasına və alaq otlarının cücərməsinə imkan yaradır. Daha sonra torpaq 25 sm dərinliyində yumşaldılır. Digər əkinlərdə olduğu kimi, buğda əkinlərində də torpağın çevrilmədən becərilməsinin tətbqinin böyük əhəmiyyəti vardır. Bu qiymətli torpaq ehtiyatlarının qorunub saxlanmasına və münbitliyinin artırılmasında əhəmiyyətli rol oynayır.Daha sonra torpaq cücərmiş alaqları məhv etmək, toxum düşəcək üst hissədə yumşaq torpaq qatı yaratmaq məqsədilə diskli mala ilə 6-8 sm dərinliyində yumşaldılır. Buğda əkinlərində səpin norması sortun bioloji xüsusiyyətlərindən, 1000 dənin kütləsindən, toxumun təmizliyindən, toxumun cücərməsindən və digər amillərdən asılı olaraq müəyyənləşdirilir.  Səpin aşağı norma ilə aparılarsa vahid sahədə bitkilər seyrək olur, alaqların inkişafı üçün əlverişli şərait yaranır, nəticədə məhsuldarlıq aşağı düşür. Digər halda səpin norması yüksək götürüldükdə isə vahid sahədə bitkilər sıx olur, bir-birini kölgələndirir, torpaqda su, qida maddələri çatışmır və yenə də məhsuldarlıq aşağı düşür. Ona görə də optimal səpin normasının müəyyən edilməsi vacib şərtdir. Payızlıq dənli bitkilərdən yüksək məhsul almaq üçün ən mühüm aqrotexniki tədbirlərdən biri də səpin müddətidir. Aqrotexniki tədbirlərdən heç biri bitkilərin böyümə və inkişafına səpin müddəti qədər təsir göstərə bilmir. Payızlıq taxılların xəstəliklərlə siraətlənməsi, ziyanvericilər tərəfindən zədələnməsi, dənin yetişmə vaxtı, əlverişsiz qışlama şəraitinə davamlılığı optimal səpin müddətindən çox asılıdır. Azərbaycan şəraitində aparılmış çoxsaylı müşahidələr əsasında buğdanın səpin müddətinə görə əsas taxılçılıq zonalarını şərti olaraq 3 qrupa bölünməsi təklif olunmuşdur:

-orta dağlıq zonalarda səpin sentyabrın 1-dən 20-dək;
-dağətəyi zonalarda sentyabrın 25-dən - oktyabrın 10-dək;
-aran zonalarda oktyabrın 20-dən - noyabrın 10-dək.

Bununla belə hər bir təsərrüfatda bu işlər təsərrüfatın mütəxəssisləri tərəfindən yerli şərait və çoxillik müşahidə məlumatları əsaında müəyyən edilir və seçilir. Toxum mexaniki tərkibcə yüngül torpaqlarda 5-6 sm, mexaniki tərkibcə ağır gillicəli torpaqlarda isə 3-5 sm dərinliyə basdırılmalıdır.

Aqrotexniki qulluqHər bir təsərrüfatda əkinlər planlaşdırılan zaman becəriləcək bitkinin bioloji xüsusiyyətləri, ərazinin torpaq iqlim şəraiti nzərə alınmaqla aqrotexniki qulluq proqramları (gübrələmə, dərmanlama və s.) işlənib hazırlanmalıdır. Buğda bitkisindən intensiv məhsul almaq üçün onların inkişaf mərhələsinə uyğun olaraq tələb olunan miqdar və nisbətdə qida maddələri ilə təmin olunmaları ən mühüm aqrotexniki tədbirlərdən biridir. Ümumiyyətlə bitkinin qida maddələrinə olan təlabatı torpaq analizlərinin nəticələrinə əsasən təyin edilir. 1 ton dən məhsulu ilə torpaqdan 30 kq azot, 13 kq fosfor və 25 kq kalium çıxarılır. Planlaşdırılan məhsul və torpaqda olan qida maddələrinin miqdarı nəzərə alınmaqla hektara gübrə normaları hesablanaraq təmin edilir. Azotlu gübrələr mütəhərrik olduğundan səpinlə birlikdə və vegetasiya becərmələri zamanı, fosforlu və kaliumlu gübrələr gec həll olunduğundan şum altına və malalama zamanı verilməlidir. Azotun illik normasının 20%-i səpinqabağı, 30%-i kollanmada, 30%-i boruyaçıxma və 20%-i sünbülləmə fazalarında verilməlidir. Buğda bitkisində digər mikroelementlərlə müqayisədə daha çox sink və dəmir elementlərinin çatışmaması çox ziyan vurur. Mikroelementlərin çatışmaması bitkinin inkişafına, bar elementlərinin formalaşmasına, fotosintezin intensivliyinə müxtəlif xəstəliklərin qarşısının alınmasına çox ciddi mənfi təsir göstərir ki, bu da son nəticədə məhsuldarlığın azalmasına gətirib çıxarır. Taxıl sahələrində məhsuldarlığın artırılmasında kökdənkənar yemləmənin müstəsna əhəmiyyəti vardır.

SuvarmaleftSuvarma şəraitində buğda bitkisi üçün optimal vegetasiya suvarma norması 6500-7000m3/ha təşkil edir. Bu norma bitkinin inkişaf fazalarına uyğun olaraq, torpaqda nəmlik miqdarına əsasən vegetasiya müddətində təmin olunmalıdır. Payızlıq taxıllardan yüksək məhsul əldə etmək üçün əkinlərə dən suyu verilməlidir. Təcrübələr göstərir ki, dən suyu verilən sahələrdən, verilməyən sahələrə nisbətən 25-30% artıq məhsul götürülür. Alaqlar, bitki xəstəlik və zərərvericilərinə qarşı mübarizəAlaq otlarının rəqabət qabiliyyəti mədəni bitkilərdən daha güclü olduğundan mədəni bitkilərin inkişafı zəifləyir, məhsuldarlıq aşağı düşür.Alaq otları mədəni bitkilərə həyatı əhəmiyyəti olan qida, su və işıq uğrunda daima mübarizə aparirlar. Bu mübarizəyə kənardan əkinçinin müdaxiləsi olmadıqda mədəni bitkilər məhv olur. Apardığımız hesablamalara görə sirayətlənmə dərəcəsindən asılı olaraq alaq otları məhsuldarlığı 20-50% aşağı salır.Alağa qarşı mübarizə məqsədilə herbisidlərdən istifadə olunur. Bu tədbir buğdanın kollanma fazasında aparılmalıdır. Erkən dərmanlama taxılda kollanmanı azaldır, gec dərmanlama isə, bitkinin mayalanmasına və sünbülün əmələ gəlməsinə maneə törədir.Taxıl tarlalarında hakim alaq otların enli yarpaqlı və yaxud dar yarpaqlı olmasını əsas götürərək fərqli dərmanlama aparılmalıdır.Buğda bitkisində sarı pas, qonur pas və gövdə pası təhlükəli xəstəliklərdəndir. Azərbaycanda sarı pas və qonur pas xəstəlikləri geniş yayılıb və taxıla ciddi ziyan vururlar. İlk növbədə xəstəliyə davamlı sortlardan istifadə olunmalıdır. Sahədə xəstəliyin ilk əlamətləri görünən kimi mübarizə aparılmalıdır, əks halda gecikdirilmiş mübarizə səmərə verməyəcəkdir.Sarı pasa yoluxmuş toxumlar dərmanlanmalı,xəstəliyə davamlı sortlar əkilməlidir.  Kök çürümə xəstəliyi taxılçılıqla məşğul olan bütün regionlarda mövcuddur. Xəstəlik rütubətlə təmin olunmuş, illik yağıntının miqdarı çox olan təbii iqlim bölgələrində daha surətlə inkişaf edir və yayılır. Kök çürüməsi xəstəliyinə qarşı mübarizədə toxumun dərmanlanması başlıca önəm kəsb edir. Azərbaycan şəraitində ən çox yayılmış zərərvericilər gəmiricilər, taxıl böcəyi və ziyankar bağacıqlardır.  Siçanabənzər gəmiricilərə qarşı mübarizədə aldadıcı yemlərdən istifadə olunmalıdır. Məhsulun yığımıDənli bitkilərin istehsalı kompleksində məhsulun yığılması ən məsuliyyətli, böyük diqqət və əmək gərginliyi tələb edən prossesdir. Aparılmış təcrübələr sübut etmişdir ki, taxıl biçinin 10-15 gün gecikdirilməsi 25-27% məhsul itkisi deməkdir. Biçin dövründə apardığımız müşahidələr nəticəsində müəyyən edilmişdir ki, kombaynın iş orqanlarının düzgün nizamlanmaması səbəbindən baş verən taxıl itkisi bir çox hallarda ümumi məhsulun 20-30%-ni təşkil edir.Kombaynın biçən aparatının, maili kamera, döymə aparatının, təmizləyici qovşağın düzgün nizamlanması və biçinə ciddi nəzarət baş verə biləcək itkilərin qarşısının alınmasında çox ciddi rol oynayan başlıca faktorlardır.