close
close
Xəbərlər

“Ehtiyatlara qənaət edən müasir suvarma və əkinçilik texnologiyaları” mövzusunda tədbir keçirilib

“Azərşəkər” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Ceyrançöl ərazisində yerləşən aqroparkında Cənubi Qafqazda ilk dəfə olaraq müasir suvarma texnologiyası olan mobil və ya hibrid suvarma sistemlərindən istifadəyə başlanılıb. Bu texnologiyanın tətbiqi su itkisinin qarşısının alınmasında və suya qənaət edilməsində mühüm rol oynayacaq.

Şəmkir rayonunda “Azərşəkər” MMC-nin Ceyrançöl ərazisində yerləşən aqroparkında “Ehtiyatlara qənaət edən müasir suvarma və əkinçilik texnologiyaları” mövzusunda tədbir keçirilib.

İqtisadiyyat Nazirliyinin tabeliyində İZİA, “Azərşəkər” MMC və “Gilan Pivot” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının əməkdaşları, fermerlər və KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarına “Strip till” texnologiyasının tətbiqinin üstünlükləri, həmçinin ən son suvarma texnologiyası olan mobil və ya hibrid suvarma sistemlərinin üstünlükləri barədə məlumat verilib, bu texnologiya ilə əkilmiş və müasir suvarma texnologiyaları ilə becərilən qarğıdalı sahəsinə və “Mzuri” əkin texnikası ilə aparılan arpa səpini işlərinə baxış keçirilib.

Diqqətə çatdırılıb ki, “Mzuri”nin üstün cəhəti 4 prosesi (dərin yumşaltma, dərinlik boyu gübrə emalı, müxtəlif çeşidli toxumların dəqiq səpini və bərkidici çarxlarla toxumların basdırılması) eyni vaxtda yerinə yetirməsidir. Bu texnikanın istifadəsinin əsas məqsədi suya və yanacağa qənaət, torpağın münbit qatının qorunub saxlanılması və havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırılmasıdır.
Qeyd edək ki, aqroparkın ümumi əkinə yararlı 4000 hektar sahəsinin 1428.6 hektarında pivot, 17,2 hektarında sprinkler, 40 hektarında isə damlama olmaqla, cəmi 1485.8 hektarında əkin aparılıb. Bu il aqroparkda 421.6 hektar şəkər çuğunduru, 268 hektar qarğıdalı, 55.7 hektar soya, 341.6 hektar arpa, 24,6 hektar toxumluq xardal və 320 hektar ərzaqlıq buğda əkinləri həyata keçirilib. Buğda üzrə orta məhsuldarlıq 5.4 ton olmaqla, ümumilikdə 1732 ton, arpa üzrə orta məhsuldarlıq 5 ton olmaqla, ümumilikdə 1692 ton məhsul istehsal olunub. Soya üzrə məhsuldarlıq 2.1 ton olub.

Arpa biçinindən sonra 189 hektar ərazidə təkrar qarğıdalı əkinləri aparılıb. Aqroparkda 71 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin edilib.

listFoto qalereya