close
close
13-04-2024

Buğdaya aqrotexniki qulluq nə üçün edilir?

Hər bir təsərrüfatda əkinlər planlaşdırılan zaman becəriləcək bitkinin bioloji xüsusiyyətləri, ərazinin torpaq iqlim şəraiti nəzərə alınmaqla aqrotexniki qulluq proqramları (gübrələmə, dərmanlama və s.) işlənib hazırlanmalıdır. Buğda bitkisindən intensiv məhsul almaq üçün onların inkişaf mərhələsinə uyğun olaraq tələb olunan miqdar və nisbətdə qida maddələri ilə təmin olunmaları ən mühüm aqrotexniki tədbirlərdən biridir. Ümumiyyətlə bitkinin qida maddələrinə olan təlabatı torpaq analizlərinin nəticələrinə əsasən təyin edilir. 1 ton dən məhsulu ilə torpaqdan 30 kq azot, 13 kq fosfor və 25 kq kalium çıxarılır. Planlaşdırılan məhsul və torpaqda olan qida maddələrinin miqdarı nəzərə alınmaqla hektara gübrə normaları hesablanaraq təmin edilir. Azotlu gübrələr mütəhərrik olduğundan səpinlə birlikdə və vegetasiya becərmələri zamanı, fosforlu və kaliumlu gübrələr gec həll olunduğundan şum altına və malalama zamanı verilməlidir. Azotun illik normasının 20 %-i səpinqabağı, 30 %-i kollanmada, 30 %-i boruyaçıxma və 20 %-i sünbülləmə fazalarında verilməlidir. Buğda bitkisində digər mikroelementlərlə müqayisədə daha çox sink və dəmir elementlərinin çatışmaması çox ziyan vurur. Mikroelementlərin çatışmaması bitkinin inkişafına, bar elementlərinin formalaşmasına, fotosintezin intensivliyinə müxtəlif xəstəliklərin qarşısının alınmasına çox ciddi mənfi təsir göstərir ki, bu da son nəticədə məhsuldarlığın azalmasına gətirib çıxarır. Taxıl sahələrində məhsuldarlığın artırılmasında kökdənkənar yemləmənin müstəsna əhəmiyyəti vardır.